7 Aralık 2012 Cuma

TV və TVlərimiz


TV və TVlərimiz

Bu gün qloballaşan dünyada öz yerini tutmuş bütün xalqlar və millətlər müasir zamanın ən ünlü problemi olan milli-mənəvi dəyərlərin qorunması və onların gələcək nəsillərə çatdırılması məsələsinə böyük önəm verirlər. Kosmopolit düşüncənin oluşdurulduğu bir zamanda milli dəyərləri mümkün təhlükələrdən qorumaq asan olmasa da, bu çətinliklərə baxmayaraq öz milli dəyərlərini göz bəbəyi kimi qoruyan xalqlar və millətlər də az deyildir. Təsadüfi deyil ki, məhz dünya xalqlarının milli-mənəvi dəyərlərinin qorunması, onların mühafizəsi hazırda bir çox beynəlxalq təşkilatların da prioritet fəaliyyət sahəsinə çevrilmişdir.
Milli-mənəvi dəyərləri qorumaq, yaşatmaq və inkişaf etdirmək həmin dəyərə sahib olan toplumun ən böyük məsuliyyətidir. Milli dəyərləri qorumaq heç də tarixin bütün dönəmlərində asan olmamışdır. Buna orta əsrlərdə müharibələr, sonrakı zamanlarda imperialist hərəkatlar, müasir dövrümüzdə isə qloballaşma səbəb olmuşdur.
İnformasiya texnologiyalarının yüksək səviyyədə inkişafı, istənilən informasiyanın dünya üzərində paylana bilməsi dünya insanının beynində informasiya bolluğu yaratmaqla yanaşı, onu müəyyən mənada istiqamətlənməsinə də təsir göstərir. Burada əsas yerlərdən birini televiziyalar tutur. Çünki televiziya istənilən informasiyanın çatdırılması üçün ən operativ və ən geniş auditoriyaya malik informasiya mənbəyidir.
Ümumilikdə televiziya əsasən informasiyanın insanlara çatdırılması və maarifləndirici funksiyanı daşımaqla yanaşı, həm də ən effektiv təbliğat vasitəsidir. Bu mənada televiziyanın mövcud imkanlarından düzgün istifadə edilməsi hər cəhətdən tədqirəlayiq hal kimi qarşılana bilər.
Lakin bu gün ölkəmizdə yayımlanan televiziya kanallarının efir vaxtını zəbt etmiş bayağı, milli-mənəvi dəyərlərimizə zidd olan proqramlar nəinki ölkə ziyalılarını, heç sadə insanların da tələbatına uyğun gəlmir. Reytinq xatirinə digər ölkələrin tvkanallarında yer alan proqramları plagiat edərək, milli mentalitetə uyğun gəldi-gəlmədi efirə verən televiziyalar bu addımları ilə mənəvi dəyərlərimizə yaraşmayan mövqe ortaya qoyurlar. Kütlənin marağına səbəb olan şouproqramlar tamaşaçıda nəinki maarifləndirici təəssürat yaradır, əksinə insanların zövqünün korşalmasına, gənclərin milli ruhda olan tərbiyədən uzaqlaşmasına gətirib çıxarır.
Bu gün Azərbaycan televiziyalarında yayımlanan verilişləri reytinqi Londonda müəyyən olunur. Hər hansı bir tamaşaçının sahib olduğu milli-mənəvi dəyərləri bilmədən, onun baxdığı verilişlərin reytinqi müəyyən edilirsə və bu da əlaqədar təşkilatın  mövqeyini əks etdirirsə burada məntiqsiz bir situasiya yaranır. Çünki hazırda milli düşüncədən uzaqlaşaraq kosmopolit düşüncə adı altında ömür sürən cəmiyyət, milli-mənəvi dəyərlərini qorumağa, yaşatmağa və buna ehtiyacı olan gənc nəslə çatdırmaq istiqamətində öz həyatını quran cəmiyyətin maraqlarına uyğun rəy verə bilməz. Bunlardan da əlavə bir sıra tvkanallaın tanınmış nümayəndələrinin də bu reytinq göstəricilərini müdafiə etməsi ölkə ziyalılarında anlaşılmazlıq yaradır. Avropanın mərkəzindən müəyyən olunan Azərbaycan tvproqramlarının reytinqi və bu reytinqə uyğun olaraq tvkanalların öz işlərini qurması xalqın istəyini və milli-mənəvi dəyərlərimizin qorunması ideyalarını əks etdirə bilməz.
Bu gün Respublikanın tanınmış ictimai xadimləri, elm adamları, incəsənət nümayəndələri, dövlət rəsmiləri, millət vəkilləri öz konkret mövqelərini ortaya qoyaraq efir məkanımızı zəbt edən verilişlərin yayımlanmasının əlehinədirlər. Bu etiraz telekanallarımızda milli-mənəvi dəyərlərimizə zidd olan şouverilişlərin efir məkanından çıxarılmasını tələb edir.
Milli-mənəvi dəyərlərimizə, Azərbaycan xalqının əxlaqına zidd şou verilişlərinin efirin ən önəmli vaxtını zəbt etməsi bizim hər birimizin problemidir. Bu problemin həlli məqsədi ilə atılan hər bir addım gənc nəslin tərbiyəsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edəcəkdir. Dəyərlərimizi qorumaq mənəviyyatımızı qorumaq deməkdir, dəyərlərimizi qorumaq milli kimliyimizi qorumaqdır.

2 yorum:

  1. Bu məsələ ilə bağlı həmişə öz fikrlərimi demişəm
    televiziyalarımız uşaqların maarifləndirməsi, gənclərimizin narkomaniya vərdişlərindən yayınması, vətənpərvərlik mövzularında verlişlər demək olarkı yox dərəcəsindədir. Bu məsələ gündəmdə olanda bir ay reklam olunur amma yene də hər sey unudulur. Düşünürəmki şou proqramlardansa, milli-mənəvi dəyərlər haqqında verlişlərin hazırlanması daha yaxşı olardı

    YanıtlaSil
  2. Zamiq qardasim dediklərinlə raziyam, həm də mən bizim televiziyalarımızda hec olmayan qanunvericiliyin insanlara mənimsədilməsi, öyrədilməsi kimi verirlişlərin acılmasını da çox istəyirəm, Cünki bu gün Qanunverici orqanimizda kifayət qədər geniş spektrli qanunlar qəbul edilir, amma əksər insanlar o qanunların mahiyyətindən xəbərsiz olurlar.

    YanıtlaSil