3 Aralık 2012 Pazartesi

361 dərəcə


 361 dərəcə

 (Esse)

İnsan. Əlbəttə, insan idi. Hamı kimi, əlli, ayaqlı, gözlü, qaşlı, qulaqlı. Yeriyir, dayanır, oturur, yeyir, içir, danışır, dinləyir, hətta imkani olanda yatır.

Gözəl. İlan dərisi kimi dərisi vardı. Gözləri yanmış ağac koğuşu kimi qara, dərin idi. Brok göstəricilərinə tam uyğun gəlirdi – 176-76. Saçları qara idi, parıldayırdı. Həmişə ağ üzünə dağılırdı. Alnı enli idi. Qulaqları və burnu özünə yaraşırdı.
Əcaib. Qan damarları üzündə, boynunda, əl və qollarında – bədəninin bütün nahiyələrində, sanki, dərinin üzərində idi. Çiyinləri, sinəsi və belində asimmetrik döymələr var idi. Qaşları uşaqlıqda miksödema xəstəliyindən tökülmüşdü. İndi də çox seyrək idi. Kiprikləri, demək olar ki, yox idi.
Ağıllı. Hərəkətlərində nizamlılıq, danışığında məntiqlilik hər an duyulurdu. Gördüyü işlər nöqsansız idi. Verdiyi sözə əməl edərdi. Tanışları məsləhət üçün onun yanına gələrdilər. Maraq dairəsi geniş, biliyi əhatəli idi. Bikar vaxtlarında kompyuterdə məntiqi oyunlar oynayardı.
Dəli. Onun nə vaxtsa yatdığını görən olmamışdı. Xəstəliklərə tutulmaqdan qorxurdu. Nozofobiya. Yüksəklikdən və geniş küçələri keçməkdən qorxurdu. Akrofobiya və Aqorafobiya. Histeriya əlamətləri müşahidə olunurdu. Bəzən düşüncəsi uşaq səviyyəsinə enirdi. Tək qalmağa çox meyilli idi…
Bütün bunların bir qismini öz gözlərimlə görmüşəm, çox azını isə özü mənə danışıb. Onu danışdırmaq hər qadından doğulanın işi deyil. Çünki onun özünün bəşər övladı kimi dünyaya gəlməsinə şübhə edirəm.
Sonsuz bir ailədə yaşadığını; ata, ana dediyi insanların qoca olduğunu; 3 yaşından onlarla yaşadığını; bu yaşadək heç nəyi xatırlamadığını; 4 yaşında atasının, 7 yaşında anasının öldüyünü; bu vaxtdan 21 yaşınadək küçələrdə qəzet satdığını; təsadüf nəticəsində adını demədiyi bir şirkətdə işə düzəldiyini; 10 il sonra naməlum səbəbdən işdən çıxarıldığını; indi isə bankda olan pulunun faizi hesabına yaşadığını söyləyib mənə.
Onun haqqında bildiklərim və bilmədiklərim məni sakit buraxmırdı. Həyati müşahidələrim, kitablardan oxuduqlarım, televizorda və radioda görüb eşitdiklərim, o “lənətə gəlmiş” internetdən əldə etdiyim məlumatlar məni məcbur etdi ki, ona vur-tut cəmisi iki sual verim:
- Əgər bu yaxınlarda Üçüncü Dünya Müharibəsi başlansa, sən təhlükəsizliyin üçün nə edərdin?
- Mən ikinci kosmik süətlə qaçmağı bacarıram.
- Sənin adın həqiqətən də mənim bildiyim kimidir?
- Yox, Mənim əsl adım SellixAdır. 3 yaşımadək olan ömrümdən yadımda bircə bu qalıb. Adım: SELLİXA!

Hiç yorum yok:

Yorum Gönder