3 Aralık 2012 Pazartesi

Dövlət və Gənclik


“Dövlətin biz gənclərə göstərdiyi qayğı və diqqət məsuliyyətimizi daha da artırır”


YAP Gənclər Birliyi Ofisinin rəhbəri, YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Sərraf Hüseynov:

 -Milli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti və azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə təsis olunan YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirir. Partiyamızın üzvlərinin böyük bir hissəsini təşkil edən gənclər həmişə partiyanın diqqət mərkəzində olub. Yarandığı tarixdən bu günə qədər YAP öz ənənələrinə sadiq qalaraq bu gün də gənclərin milli-mənəvi tərbiyəsində, onların vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, dövlət quruculuğu prosesində iştirakının daha da artırılmasında, gənclərin öz imkanlarından istifadə etmələri üçün münbit şəraitin yaradılmasında və digər vacib istiqamətlərdə əhəmiyyətli işlər görməkdədir.
YAP dövlətinə, millətinə bağlı olan və bu amalla çalışan hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Partiyamız gənclərin ictimai-siyasi həyatda rolunun artırılması, onların layiqli vətəndaş kimi yetişməsi, elmi biliklərinin daha da təkmilləşdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində də bir çox layihələr həyata keçirmiş və bu istiqamətlərdə işlər davam etdirilir. Bu səbəbdən, biz gənclər seçdiyimiz bu partiyanın ölkəmizin müstəqillik tarixində oynadığı rolundan, ölkəmizdə hüquqi-dövlət quruculuğu sahəsində gördüyü işlərdən və əldə edilən böyük nəticələrdən əlavə, həm də ona görə bağlıyıq ki, YAP sıralarında olmaq, bu partiyanın siyasətini dəstəkləmək elə Azərbaycan dövlətini və dövlətçiliyini dəstəkləmək, bu yolda çalışmaq deməkdir. Bu baxımdan, YAP-ın üzvü olmaq bizləri qürurlandırır.
- Mümkünsə, YAP-ın Siz gənclərə öz imkanlarınızı üzə çıxarmaq üçün yaratdığı əlverişli şərait haqda danışardınız.
- YAP-ın gənclərlə bağlı həyata keçirdiyi müxtəlif səpkili layihələrin əsas iştirakçısı olmaq bizə öz imkanlarımızı reallaşdırmaq, onları daha geniş auditoriyaya çatdırmaq baxımından çox əhəmiyyətlidir. Gənclərin öz imkanlarını üzə çıxarması üçün elmi-praktik konfransların, debat yarışlarının, siyasi biliklərlə bağlı olimpiadaların, diskussiyaların, müxtəlif idman yarışlarının partiya tərəfindən təşkil edilməsi də görülən işlər sırasındadır.
Partiyanın təşkil etdiyi müxtəlif beynəlxalq konfransların, dövlət əhəmiyyətli tədbirlərin, rəsmi və işgüzar xarici səfərlərin də iştirakçısı olmaq bizə öz təcrübəmizi və dünyagörüşümüzü artırmaq üçün geniş imkanlar açır.   Bu səbəbdən də, zamanını vətəni, xalqı, milləti üçün dəyərləndirən gəncliyin böyük əksəriyyəti YAP-ın sıralarındadır.
-  Dövlətin gənclərə göstərdiyi qayğı və diqqət onların qarşısında hansı vəzifələr qoyur?
- Hələ 2005-ci ildə Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaradıb. Bu proqramda nəzərdə tutulan ən mühüm məsələlərdən biri, heç şübhəsiz, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması idi. Çünki bu gün torpaqlarının 20 faizi işğal edilən, bir milyondan artıq vətəndaşı qaçqın düşən xalqın gəncliyinin vətənpərvərlik tərbiyəsi ən mühüm məqamdır.
Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün də bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılıb.  Biz gənclər bunu çox yüksək dəyərləndiririk. Bu qayğı və diqqət bizi fəaliyyətimizdə daha məsuliyyətli olmağa və daha əzmlə çalışmağa sövq edir.
Cənab Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən bu gün icrasına başlanılmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. Bu proqram, deyərdim ki, Azərbaycan gəncliyinin bu gün qarşılaşdığı və gələcəkdə qarşılaşa biləcəyi əksər problemlərin dövlət səviyyəsində həllinə yönəlmişdir. İnanıram ki, bu proqramın həyata keçirilməsi nəticəsində bu gənclərimizin sosial təminatı daha da güclənəcək, gənclərin mənzillə təminatı yaxşılaşacaq, onların işlə təmin olunması ilə bağlı problemlər öz həllini tapacaq.
Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır.  İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.
http://www.paritet.az/siyaset/5002.html 

Hiç yorum yok:

Yorum Gönder