3 Aralık 2012 Pazartesi

Kamal Abdulla - 62


Bu təbrik təkcə 60 yaş üçün yazılmayıb ...
Kamal Abdullanın 62 illiyinə
–  Hara yağırsan, ay yağış?
–  Üzüyuxarı.
–  Hara yağırsan, ay dəvə?
–  Yerə – üzüyuxarı.
“Bu dünya”da insanlar
Yerin üzərində yox, yer insanların ayaqları altındadır. Buludlar insanların başı üzərində deyil, insanlar buludların üzərindədir. Dağlar Yerdən asılıb.
“Bu dünya”nın insanlarını da tanıyırıq, güllərinin ətrini də, suyunun dadını da bilirik. Amma yüksəklərdə uçan quşun belini görə bilmədiyimiz kimi… …
Hər kəsin işıq istədiyi, nağıl qəhrəmanımızın işıq gələn tərəfə getdiyi, ardınca da bizləri sehrləyib apardığı bir zamanda “bu dünya”nın sahibi

“Məndən bezin – mənə qaranlıq verin,
Əlinizi üzün – mənə qaranlıq verin,
İşıq sizin – mənə qarqanlıq verin,
Baxım görüm neynirəm” 

deyir.
“Bu dünya”da mənim tanıdığım Dədə Qorqud, Bamsı Beyrək, Qazan xan heç özlərinə oxşamırlar, özlərinə təzə geyimlər alıblar, mən tanıyan vaxt dillərinə gətirmədiklər sözləri indi az qala qopuz götürüb oxuyurlar. Qorqud qopuz çalmaqdan, ad verməkdən, söz söyləyib-boy boylamaqdan əlavə qələm götürüb yazı da yazır. Pisi pis, yaxşını yaxşı, hətta canına qorxu düşəndə pisi yaxşı, yaxşını pis də yazır. Beyrək nə işlərlə məşğul olur “bu dünya”da, İlahi! (Əsərin bu yerini ilk dəfə oxuyanda, kitabı masanın üstünə tullayıb “bu lap ağ oldu” demişdim. Amma bir-iki gün sonra “Beyrək də bizim kimi bir adamdır” qənaəti ilə oxumağa davam etmişdim).
Polifem Təpəgözlə, Beyrək Odisseylə, Penelopa Banuçiçəklə “tale qohumu”dur, onda bəlkə, Homer də Prometeyi zəncirləməyə gələn Hefestin dəstəsinə qoşulub gedən Qorqudun bir qardaşıdır?! Niyə də olmasın “bu dünya”da.
“Bu dünya” gözlənilməzliklərlə doludur. Xəyalına gəlməyən bir hadisə qarşına çıxanda heç təəccüblənmə. Burada Paris öz seçimini sənin bildiyin kimi yox, öz bildiyi kimi etdi (… Paris məni seçmiş olsan, o zaman mən Hera səni bütün Asiyaya hökmran edərəm), “O bir daha gəlməyəcək…” deyən Zərdüşt göylərdən insanların arasına endi, “Xaron ilk dəfə öz vəzifəsini sonadək yerinə” yetirmədi, dəvə yağdı, şir də yağdı amma sonuncu dəfə. İlişi gözləməkdən canlarına xəstəlik düşdü, İliş ruh olub doldu “bu dünya”nın insanlarının içinə, “Qibleyi-aləmin sevimli cəlladı” Məmmədqulunun qərarı ulduzları əridib yerə tökdü, Çəngəldə açan can çiçəkləri qan qoxudu “bu dünya”da.
1, 2, 3, … 299, 300 Azərbaycanlı doğuldu, böyüdü “bu dünya”da. Azərbaycan ədəbiyyatına, tarixinə, bu gününə, gələcəyinə lazım olan “300 Azərbaycanlı”.  Hər biri bir senturion. Prizmadan keçən ağ işıq tək rəngbərəng olan bu qəhrəmanlar “üç canavar qalınlığı qaftanlığı olan” qızdan, Gülhanə parkındakı cevizdən, gün işığını çiyinlərinə alanlardan, öz idealı olan şübhələnənlərdən, gül-çiçəklə qarşılayanlardan, süngüyə keçirilənlərdən, darvazasını fələk vuranlardan, şaxta öpüşlərin dadını bilənlərdən, hər şeyin özəyinə yetişmək istəyənlərdən, həqiqəti xalqından çox sevənlərdən, qara işıq görənlərdən, sevirəm deyib hiyləgərliyin daşını atanlardan, arıya bənzərlərdən və daha kimlərdən, kimlərdən görüb götürüblər. Və 300 Azərbaycanlıya – “300 əqidə və düşüncə burulğanı… 300 duyğu və fikir rəmzi”nə çevriliblər.

“Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox”
“bu dünya”da. Qəribə dünyadı, Vallah. Yeri də var, göyü də var, enişi, yoxuşu da var. Amma xatırlamağa, unutmağa kimsəsi yoxdur. Demək bu dünyanın Xaronunda mərhəmət deyilən şey heç olmayıb.
“Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər.
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər”
“bu dünya”da. Elə bil yuxudur, top arzusuyla yaşayan uşaq yuxusu. O, yuxuda çəmənliyə düşmüş öz rəngli topuna ayaqları ilə toxunmaq istəyir, amma…
“Bu dünya” daha sürətlə fırlanır. Səma rəqsi edən “rəqqas”lar kimi. Gecəsi də, gündüzü də tez gəlib, tez gedir. Nə zaman sən bildiyindi, nə də məkan. “Təkcənəlik vaxtı” bilirsənmi nədir? Heç sən ruhunla bir yerdə qaranlıq bir məkanda var-gəl etmisənmi? Yaxud ruhun sənin əlindən tutub səmaya qaldırıbmı, günəşin şüasından tutub ordan yerə enmisənmi?
“Bu dünya” belə dünyadır.
Sehrli dərələrin, sirli dağların, zaman içində zamansızlığın, məkan içində laməkanlığın qərarlaşdığı dünyadır “bu dünya”. Gedimli yox, gəlimli dünyadır. Hər kəsin canında ölüm həvəsi, hər kəsin canında yaşamaq qorxusu var.
Qan və qorxu üstə qəqar tutsa da, işıqlıdır, nurludur, sabahlıdır “bu dünya”. “Bu dünya”nı görmək, yaşamaq və tanımaq gərəkdir. “Bu dünya”nı gözlərimizə yığmaq,  ona içimizdə yer vermək lazımdır. Görə bilmədiklərimizi görmək üçün.
“Bu dünya”nın tanışından 62 baharın təravətini, 62 qışın qar qoxusunu canına hopdurmuş “bu dünya”nın sahibinə – Kamal Abdullaya ən xoş arzularla!
63 yaşa qədəminiz mübarək olsun, Kamal müəllim!

1 yorum:

  1. Bu Təbriki 60 illik yubiley münasibəti ilə yazmışdım. Bu gün istədim yeni bir təbrik yazım, amma gücüm çatmadı, 2 il öncə yazdığım bu təbrikdə 3 yerdə dəyişiklik etdim və gördüm ki, indi yazacağımdan daha güclü yazmışam.
    Bu səbəbdən də sözlərimiz köhnə də olsa, ətri, zamanı təzədir.
    Sərraf Balaxan

    YanıtlaSil