KEÇƏLLƏRİN VƏ QEYRİ-KEÇƏLLƏRİN ŞAİRİ
Xanım hey!
“Hələ ki başında tük var,
qədrini bil oğlum.” Qədrini bil. Bürcün şir, ilin at olsa da...
Müasir Azərbaycan şeirində
yeni texnikanın ixtiraçısı, qeyri-səlist məntiqli şeirimizin yaradıcısıdır.
Nəsrinin və poeziyasının
qəhrəmanı dili-dodağı qurumuş Kefli İsgəndərdir. O, İsgəndər ki, artıq 100
yaşına gəlib çatıb, amma yenə də dindirirsən belə deyir:
“Nə yanğı söndürmək, nə içmək
üçün –
bir qurtum su verin tüpürmək
üçün...”
Salam Sarvanın şeirlərini
oxumamışdan qabaq bugünkü Azərbaycan şeirində qonşu olan iki misranın arasını
ağ kağız kimi görürdüm. Sıfırla birin arasında başqa ədəd görməyənlər kimi.
İndi isə...
Gözəlindən çirkininədək,
yaxşısından pisinədək, mənfi birinci mərtəbədə qalanından göy üzündə
yaşayanınadək hər kəs var bu misraların arasında. Əksliklərin görüş yeridir
misra araları, Salam şeirində:
...Ya sök-ya tik, nə fərqi
var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim –
darıxma düzəlməyəcək!
...Ürəyim qurumuş çay kimi
dincdi...
Yerin ortası da təklərə
küncdü.
Sən qız xeylağısan adın
Sevincdi,
sən kişi deyilsən, adın Dərd
deyil.
Misra misraya dayaq, nəsə də
öz əksinə.
Adidə qeyri-adiliyin
müşahidəsi və bu müşahidənin İlahi dildə inikasından doğulub bu şeirlər:
...Sonuncu tikəmi böldüm
səniynən –
sonuncu tikə tək özümü kəsdim.
Bağışla, başladım şeir yazmağa
bağışla, İlahi, sözünü kəsdim
deyən şair Azərbaycan dilinin
sözlərini, sanki, rəqsə dəvət edib. Toydan toya, yasdan yasa görüşən qohumlar,
dostlar kimi sözlər də lüğətdən qopub başlayıblar bir-birilərinin sağ-soluna
keçib oynamağa – dilimizdə yeni-yeni ballı ifadələr yaratmağa, özləri də
bilmədən
“Hər gün neçə məktub yazıb
cırıram,
cırıb tullayıram... poçt
qutusuna.”,
“Bu qara günləri qara qır kimi
üstümə tökənnən dammıram daha.”,
“Salıb itirəsən xatirələri,
ancaq etbarlı əllərə düşə.”,
“Öləsən bir düşmən
sevindirəsən,
Ardınca barı bir “sağ ol”un
ola...”.
Oynat sözləri, şair, oynat.
Özlərindən böyük balaları olan cümlələrin toyunda oynat onları –
Dur oyna, qadasın alım,
dur oyna – bu sən, bu hava...
Sümüyə düşən havadı
başıma gələn bu hava.
- deyə-deyə.
Şeirlərində öz içinin
təsvirini, Ayın görünməyən tərəfinin mənzərələrini, köhnə, təzə qəbirlərin
sinədaşının altında “ömür sürən”lərin obrazını yaradıb Salam Sarvan:
...Səni necə atım, necə,
bilmirəm -
bir zərsən düşmürsən heç üzü
üstə.
Şəklini asdığım mıx qalıb
ancaq
sinə divarımın iç üzü üstə...
...Oxudun qurtardin məni,
nə çaşmısan, nədi, bala?!
Çevir torpağı o üzə,
ardım o üzdədi, bala.
... Qəbrində bir az da gözəlləşmisən,
ən qara saçın da burda ən
ağdı...
Ölüb çürüməyi vecinə alma,
qəm yemə, sümüyün ətindən
ağdı.
Başında tük bitən keçəllər,
başı tüksüz keçəllər, kəndirbazlar, azadlar, pəhləvanlar, BOMJlar... qanunları
sıxıb-sıxıb qaz halından maye halına çevirənlər, “pəncərəsi kamera divarından
təqvim kimi asılmış məhkumlar”... “Daha kimlər?” öz ürəklərincə olan ömrlərini
yaşayırlar Salamın şeirləri ilə qazdığı dağın dərinliyində, şeirləri ilə
ucatdığı dərənin zirvəsində. (“Yerin məlum, sevdiyim.”)
Füzuli Leylidən, Vidadi
zəmanədən, Sabir millətindən... hərə bir şeydən gileyli, Salam da ki, günündən
və bir də, bir də bu bapbalaca Yer kürəsindən gileylidir.
Nə umurdu, niyə küsdü,
günlərdən, Yerdən?
“Qara günlər çıxır kir kimi”
səndən, Şairim, bu gedişlə, bəlkə, ağardız. Sən də, günlər də, “Gəl sənə
təsəlli verim”.
Gileylən, şair, haqqın var:
...Yüz mahnı bəstələ sən də,
nə xeyri –
biri də qırdığın bu simə
düşmür.
Mübarək, Tanrı bir gün verib
mənə,
o da ki qaradı, rəngimə
düşmür...
... İndi o kəndirbaz ip altındadı...
Meydanlar yumru bir top
altındadı...
O ağ gün illərin lap altındadı
–
kömək et boşaldaq çölə bu
ömrü.
Zamansız və qərarsız xaosun,
kosmosun, fəzanın şairi olması onun Yerə olan münbasibətindən də bəlli.
Poeziyamızda Yerə olan sevginin yönünü dəyişən Salamın şeirləri, eyni zamanda
Yer obrazını da dəyişdi gözümüzdə:
... Atsana bu ağır çəkiylə
məni –
yarı ruh-yarı can bölüb
atsana.
Bu yer kürəsini çəkməmin
altdan
bir lopa palçıq tək silib
atsana.
... Boğulmaq da olmur, dayazdı
dünya...
Bu ömrün dibi var, dənizi
yoxdu.
Durub tullanasan bir çəpər
üstdən,
düşəndə görəsən yer üzü yoxdu.
“Qəm eləmə, Yer kürəsi, sən də
vətənsən – sərhəd dirəklərinin vətəni” deməklə barışmağa heç yer də qoymadın,
Şair. Deputat olsam, – Yer kürəsinin deputatı, kosmosda müzakirəyə təqdim
edəcəyim ilk məsələ Səninlə Yerin münasibətlərinin nizama salınmasına aid
olacaq. Sonra səni kosmosa “Yer” adlı dinin təbliğinə göndərəcəm. Missonier
olarsanmı, Şairim?!
Sərraf Balaxan
sbalaxan@gmail.com
Salam haqqında bundan artıq heç nə deyə bilmirəm....
YanıtlaSilMən də ancaq bir şey deyə bilərəm, sağol ay Salam!
YanıtlaSil