ELMİN İNKİŞAFINI ƏNGƏLLƏYƏN AMİL – AVTORİTET
(Azərbaycanda ədəbiyyatşünaslıq)
(...baxış...)
Təbiət və
cəmiyyətdən əldə edilən koqnitiv və əməli bilik dialektik inkişaf nəticəsində
sistemləşərək elmə çevrilir. Varlıqların nizamı təbiəti, bu varlıqlar
içərisində yer alan insanların nizamı isə cəmiyyəti doğurur. Mövcud biliklərin
təsnifatı və sistemləşdirilməsi onların elmə -
bilik cəmiyyətinə çevrilməsinin əsasında
dayanır. Biliklər elm halında formalaşandan sonra onların qarşılıqlı təması və
bir-birilərinə ötürdükləri impuls nəticədə müəyyən bir elm sahəsinin dərininə
inkişafına səbəb olur. Elm biliklərin fərdi deyil, ictimai birliyi olduğundan
onun inkişafı müəyyən ictimai maneələri aşmaqla reallaşır. Yeni biliyin
qazanılması mahiyyətcə fərdi xarakterlidir. Lakin elmdə əldə olunan yenilik və ya kəşf
ictimai xarakterlidir. Bu yeniliyə - kəşfə elm adamlarının və cəmiyyətin
münasibəti onun status alması, yaxud əks proseslə müşahidə olunur.
Elmin ictimai
xarakteri bəzən onun inkişafında maneələrin ortaya çıxmasına səbəb olur. Bu
maneələri xarici və daxili olmaqla iki qrupa ayırmaq olar. Elmin inkişaf
tarixinə nəzər yetirdikdə xarici maneələr sırasında biz mürtəce dini baxışları,
dövlət və müəyyən şəxsi mənafeləri, birtərəfli ictimai qınaqları və s. görmək
olar. Elmin inkişafına maneə yaradan
daxili faktorlar sırasında isə ən əsas yeri tutan hər hansı elm sahəsində olan
və ictimaiyyət tərəfindən qəbul edilən avtoritetlərdir.
Yeni dövr
İngilis fəlsəfəsinin nümayəndələrindən olan Frensis Bekon elmlərin yeni
təsnifatı və onların inkişafından danışarkən bir çox mühüm məsələlərlə yanaşı elmdə
olan avtoritet amilinə də diqqət
yetirmişdir. O, elmin yüksək inkişafı naminə avtoritetlərdən yaxa qurtarmağı tövsiyə etmişdir. Avtoritetləri elmin dinamik inkişafında,
axtarışlara can atmasında, yeni kəşflər
etməsində maneə kimi mənalandırmışdır.
Biz elmi
biliklərin və inqilabi səciyyə daşıyan elmi kəşflərin meydana gəlmə tarixinə
nəzər yetirsək, əksər inqilabi kəşflərin özündən əvvəlki kəşfi ya birmənalı
inkar etməsi, ya da mövcud kəşfə başqa müstəvidən baxılması nəticəsində ortaya
çıxdığını görə bilərik. Geosentrik nəzəriyyənin Heliosentrik nəzəriyyə ilə
əvəzlənməsi bir deyil bir neçə avtoritetin və mütləqləşmiş dini hökmün inkarı
nəticəsində mümkün olması danılmaz faktdır. Öz dövrünə qədər mövcud olan fiziki
biliklərə, əsasən də fizikanın zaman və məkana olan münasibətinə inkarçı
mövqedən yanaşan Eynşteyn fizika elmində avtoritetlərdən yaxa qurtarmaqla
“nisbilik nəzəriyyəsi”ni yaratdı. Bu gün elmdə inqilab hesab edilən “Kvant
fizikası”, “nisbilik nəzəriyyəsi”, Ziqmund
Freydin “şüursuzluq nəzəriyyəsi”, Karl Yunqun “kollekiv təhtəlşüur”
nəzəriyyəsi, Frensis Bekonun “Yeni Arqanon” əsəri və başqa digər elmi
yeniliklər inkarçı mövqe və avtoritetlərdən xilas nəticəsində yaranmışdır desək
yanılmarıq.
Elmlərin
inkişafında olan avtoritet maneəsinə Azərbaycanda humanitar elmlərin (əsasən
ədəbiyyatşünaslığın) bugünkü inkişafı prosesində diqqət yetirmək üçün tarixə
bir azca nəzər salmaq gərəklidir. Bu baxımdan biz Azərbaycanda tarixən müstəqil
elm formasında olmasa da fəlsəfənin tərkibində ədəbiyyatşünaslığın da
formalaşdığını və inkişaf etdiyini tarixi mənbələrdən, ən əsası bizə gəlib
çatan nümunələrdən görə bilərik. Ədəbiyyatşünaslığın hər 3 sahəsi (ədəbiyyat
tarixi, ədəbiyyat nəzəriyyəsi, kritika) eyni sürət və dərinlikdə olmasa belə,
yenə də, hələ XI əsrdən daha geniş səpkidə inkişaf etməyə başlamışdır. Orta
əsrlər dövründə yaradılan şərhlər, risalələr, təzkirələr, dibaçələr, məkbələr,
bayazlar öz daxilində ədəbiyyatşünaslığın hər üç sahəsini birləşdirərək inkişaf
etdirmiş, onların hazırki səviyyəyə gəlib çatmasında böyük rol oynamışlar. XI
əsrdən XIX əsrə qədər davam edən bu ənənəvi və ya klasik ədəbiyyatşünaslıq
zaman-zaman zənginləşmə və yeniləşmə yolunu tutmuşdur. Bu sahədə olan nüfuz
sahiblərinin tutduğu mövqe nə qədər möhtəşəm olsa belə, bunu gözə almadan daha
uca mövqe tutmağa cəhd edən insanlar az olmamışdır. Böyük alim və şərhçi Xətib
Təbrizidən sonra Yusif Xoylu da şərh
yazmağa cəhd etmiş və buna daha təkmil formada nail ola bilmişdir. Yaxud Sadiq
bəy Əfşardan sonra Lütfəli bəy Azər daha mükəmməl təzkirə yaratmağı məqsəd kimi
qarşıya qoymuş, təzkirəyə gətirdikləri yenilikləri və əlavə informasiyaları ilə
daha mükəmməl təzkirə nümunəsi yarada bilmişdir. “Məcməül-xəvas” (Sadiq bəy
Əfşar), “Atəşgədə” (Lütfəli bəy Azər)
kimi zəngin təzkirələrin meydanda olduğu bir vaxtda, Seyid Əzim
Şirvaninin, Məhəmmədəli Tərbiyətin yenidən təzkirə yaratması artıq
ədəbiyyatşünaslığımızda avtoitetlərdən müəyyən məqamlarda yaxa qurtarıldığını
aydınca göstərir.
Ədəbi
mövzuların, ədəbi məzmun və formanın da yeniləşdirilməsi Azərbaycan
ədəbiyyatında nüfuzlardan xilas nəticəsində mümkün olmuşdur. Məsələn, “Nizami”
adlı avtoritetdən yaxa qurtarmaq, yeni bir yol tutaraq, onun nüfuz dairəsindən
özünü qorumaq yalnız 300 yüz il sonra Füzuliyə nəsib oldu. Bununla yeni bir
nüfuz sahibinə çevrilən Məhəmməd Füzulidən yaxa qurtarmaq məzmunca Vaqifin,
formaca M.F.Axundovun payına düşdü.
Avropada XIX
əsrdə artıq elm kimi formalaşmağa başlayan ədəbiyyatşünaslıq Azərbaycanda belə bir
taleyi bir əsr sonra yaşamağa başladı. XX əsrin əvvəllərindən müəyyən qədər
sistemli şəklə düşən ədəbiyyatşünaslığın hər üç sahəsi ictimai-siyasi durumdan
asılı olaraq həm məzmun, həm də formaca haldan hala düşərək inkişaf etməyə
başladı. Əsrin əvvəllərində əldə olunan müstəqillik bir elm kimi
ədəbiyyatşünaslığın da mahiyyətcə müstəqil və ideologiyadan asılı olmayan formada
inkişafına zəmin yaratdı. Bu elmin həmin dövrdə yazıb-yaradan nümayəndələri
“sənət sənət üçündür” devizinə meyilli olaraq yaratdıqları əsərlərdə yalnız
sənət problemlərindən bəhs etməklə onların həllinə çalışırdılar. Sanki
qazanılan müstəqillik onları avtoritetlərdən də xilas etmişdi, çünki
M.Ə.Rəsulzadə, Y.V.Çəmənzəminli, Ə.Ağayev, Ə.Hüseynzadə, Adilxan Ziyadxan və
digərləri yeni və müstəqil düşüncə tərzi ortaya qoymaqla bərabər, hətta
ədəbiyyatşünaslığımızda bir sıra ilklərə də imza atmış oldular (Nizami Gəncəvi
yaradıcılığının araşdırılması, milli ədəbiyyat, milli mədəniyyət, türk xalqları
ədəbiyyat və mədəniyyəti anlayışlarının yaradılması və s.)...
Davamı növbəti blogda.
Sərraf Balaxan
sbalaxan@gmail.com
Hiç yorum yok:
Yorum Gönder