17 Aralık 2012 Pazartesi

ELMİN İNKİŞAFINI ƏNGƏLLƏYƏN AMİL – AVTORİTET (II hissə)


ELMİN İNKİŞAFINI ƏNGƏLLƏYƏN AMİL – AVTORİTET
(Azərbaycanda ədəbiyyatşünaslıq)
(...baxış...)
II hissə

...Qısa bir zaman kəsiyində əldə olunan bu yeniliklər sovet hakimiyyətinin bərqərar olması ilə vahid yoldan uzaqlaşdırıldı, mürtəce və millətçi adla damğalanaraq məhvə məhkum edildi. Yeni yaradılmağa başlayan
və birbaşa sovet ideologiyasına xidmət edən məktəblər və onların yaradıcı nümayəndələri özlərindən öncə olan “avtoritetlər”in təsirindən xilas ola bilmədiklərindən ilk vaxtlar dövlətin ideyalarına köklənə bilmədilər. Bəziləri isə heç buna cəhd də etmədən özlərini yazıları ilə müstəqil araşdırmaçılar kimi və müstəqil yazarlar kimi təqdim etməyə başladılar. Dövlət məhz yeni yaranacaq və dövlətin ideologiyasına uyğun olaraq yazıb-yaradacaq insanların avtoritetlərdən xilas edilməsi üçün ən çirkin yola – repressiyalara əl atdı. Və bu öz nəticəsini yalnız 10-15 ildən sonra verə bildi. Stalinin ölümündən sonra isə insanların olduğu kimi, sanki ədəbiyyatşünaslığın və ədəbiyyatın üzərindən də qorxuluq götürüldü. Buna baxmayaraq ədəbiyyatşünas alimlərin apardığı araşdırmaların əsas qayəsində yenə də dövlətin ideologiyasına sadiqlik hökm sürməkdə idi.
Bu dövrdə Azərbaycan klassik ədəbiyyatının araşdırıcıları öz əsərlərində müəyyən mənada müstəqil elmi qənaətlərə gəlirdilərsə də, bununla yanaşı Nəsimini, Füzulini, Seyid Əzimi ateist, Nizamini sosialist baxışlı sənətkarlar kimi mənalandırırdılar. “Molla Nəsrəddin” jurnalını “Oktyabr inqilabının meyvəsi”, sovet ideologiyasının ən gözəl təmsilçisi kimi ictimaiyyətə təqdim edirdilər. Bu sənətkarlar və məktəblər haqqında yazılan elmi araşdırmalar Marksın fikri ilə başlayıb, Engelsin fikirləri ilə bitməklə, oxucuların və gənc elm adamlarının düşüncəsində doqmatik fikirlər kimi özünə yer edirdi. Çünki ölkədə elmi adları və yazdıqları saysız-hesabsız kitabları ilə avtoritetə çevrilmiş insanların dedikləri fikirlər birbaşa dövlətin senzurasından keçməklə özünə həyat və “ölməzlik qrifi” qazandırırdı.
Bu gün Azərbaycan və bu ad altında qərar tutan saysız anlamlar öz müstəqilliyinə yenidən qovuşmuşdur. Qazanılan müstəqilliyin ilk illəri iqtisadiyyatda, mədəniyyətdə və elmdə durğunluqla müşahidə olunmasına baxmayaraq, hazırda bu durğunluqdan xilas olaraq öz inkişafının yüksək tempinə gəlib çatmışdır. Tarixin qaranlıqlarında itirilmək niyyəti ilə yasaqlanan faktlar müstəqil şəkildə araşdırılaraq xalqa təqdim edilir və tanıdılır. Xalq öz tarixi, öz mədəniyyəti, öz ədəbiyyatı ilə tanış edilir.
Müstəqillik əldə ediləndən sonra Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilməyə başlanılmışdır. Hazırda biz bunun nəticəsini aydın müşahidə edə bilirik. Digər elm sahələrində olduğu kimi ədəbiyyatşünaslıq elmində də inkişafın olması göz qabağındadır. Yeni ədəbiyyat tarixlərinin hazırlanması, sovet dövründə birmənalı şəkildə təqdim edilən sənətkarların yaradıcılıqlarının əsil mahiyyətinin ortaya çıxarılması, yasaqlanan mövzularda araşdırmaların aparılması bu ikişafın vacib komponentlərindəndir.  
Lakin bütün bunlara baxmayaraq, bu gün Nizami, Nəsimi, Xətai, Füzuli, Vaqif, Seyid Əzim, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı və s. bu kimi onlarla sənətkarın yaradıcılığının fövqündə dayana bilən araşdırmaların olmadığı hər bir elm adamına məlumdur. Belə araşdırmaların mövcudluğu özündən öncə araşdırmaçıların olmasını tələb edir. Bu araşdırmaçılar birbaşa ali və daha yüksək təhsil pillələrində müəllimlər tərəfindən formalaşdırılır. Və ən azından müəyyən məqsədə istiqamətləndirilir. Ancaq ədəbiyyatşünaslıq sahəsində olan öyrətmənlərin hələ də özlərinə avtoritet hesab etdikləri və sovet dövrünün yetişdirmələri olan insanların təsirində olması gənc araşdırıcıların klassik ədəbiyyatımıza yaxın düşməsini psixoloji cəhətdən əngəlləyir. “Nizamini filankəsdən, Füzulini filankəsdən, Axundzadəni filankəsdən ... daha yaxşı bilməyəcəksən ki... ?!” kimi fikirlər gənc araşdırıcını psixoloji cəhətdən sarsıdır və onda inamsızlığın özülünü qoyur.
Bu məsələdə təkcə öyrətməni deyil, öyrəncini və ya gənc alimi də qınamaq mümkündür. İmam Qazali əsərlərinin birində qeyd etmişdir ki, “Bunu dəqiq olaraq başa düşdüm ki, bir elmə son həddinə qədər vaqif olmayan kimsə o elmdəki pozuqluğa, səfsəfəyə vaqif ola bilməz. O dərəcədə sevməli ki, o elmdən ən böyük alim sayılan kimsəyə bərabər olmaqla razılaşmayıb onun dərəcəsini keçməli və onun qavraya bilmədiyi dərin nöqtələri, məqamları başa düşməlidir”. Mütəfəkkirin bu fikirləri elm adamının avtoritetdən xilas olunması üçün özünü öz ixtiyarına buraxır. Bu çətin olsa da, bəlkə də, qarşıda qoyulan məqsədə çatmaq üçün ən gözəl yoldur.
Ümumiyyətlə Azərbaycan ədəbiyyatşünaslığında klassik və ya müasir ədəbiyyatımız, ədəbi tənqid və tənqid tariximiz haqqında yeni araşdırmaların aparılması və ortaya yüksək səviyyəli elmi işin qoyulması üçün gənc alimlərin avtoritetlərin təsirindən qurtarması vacib məsələdir. Bu məsələnin həllində və nəticədə ədəbiyyatşünaslığın daha dərin inkişafında, ədəbiyyat mətnlərinin fözvqündə dayanan araşdırmaların ortaya çıxarılmasında öyrətmənlə öyrənci – gənc alim eyni dərəcədə məsuliyyətlidir.

 Sərraf Balaxan
sbalaxan@gmail.com

Hiç yorum yok:

Yorum Gönder