16 Nisan 2013 Salı

Bəyanat ayı


Bəyanat ayı

Bu gün ölkə gündəmində baş verən irili-xırdalı bütün hadisələrlə bağlı hər kəs öz düşüncəsindən irəli
gələn bir bəyanat verir. Sosial şəbəkə və elektron medianın imkanlarından istifadə edərək bunu insanlar arasında sürətlə yayırlar.
Sanki son bir neçə ay Azərbaycan gündəmində bəyanatlar ayıdır. Hətta heç kimin indiyə kimi varlığından belə xəbərdar olmadığı təşkilatlar da bu prosesə qoşulublar.
Əksər bəyanatlar isə özünü təəssübkeş kimi göstərmək istəyənlərin xal qazanmaq niyyətindən irəli gəlir.
Son bir neçə ayda ölkəmizin ictimai-siyasi həyatında bir sıra hadisələr baş verdi ki, bunlara qarşı da başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hökumət öz mövqeyini ortaya qoydu. Məmur özbaşınalıqlarına qarşı atılan addımlar xalqın ürəyincə oldu, bundan sonra da bu prosesin davam etdiriləcəyini Prezident bəyan etdi.
Lakin bəzi insanlar məhz məmur özbaşınalığına etiraz edən insanları başqa istiqamətə yönəltmək üçün işlər görməyə çalışdılar.  Xarici təşkilatlardan maliyyələşdirildiyi şübhə doğurmayan gənclər təşkilatları paytaxda pozuculuq əməlləri törətmək istədilər.
Təbii ki, Milli Təhlükəsizlik sistemi yüksək səviyyədə qurulmuş dövlətimiz bu təhlükələri vaxtında aradan qaldırdı. Dövlətə və dövlətçiliyə qarşı təxribatlar törətmək istəyən insanlar müəyyənləşdirilərək saxlanıldılar.
Ötən gün bu dövlətin öz təhlükəsizliyi, insanların həyatının təhlükəsizliyi naminə gördüyü bu işlərlə bağlı Vətəndaş Həmrəyliyi Partiyası da bəyanat yaydı. Bəyanatda təsvir edilən məsələlərə sonda Azərbaycan təəssübkeşliyi prizmasından yanalşıldığı bildirilir və nəhayətdə absurd bir ifadə işlədilir: “Xüsusilə 2013-cü ildə, Azərbaycanda prezident seçkisi olduğu üçün beynəlxalq təşkilatların bölgəyə diqqətinin artdığı...” məqamda bu prosesin dayandırılması istənilir.
Ortaya maraqlı bir sual çıxır: Hansı beynəlxalq  təşkilatdan söhbət gedir? 20 ildir Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərimiz haqqında qəbul etdiyi bir Qətnaməsini belə yerinə yetirməyən BMT-dən? 20 ildir Qarabağ münaqişəsini nizamlamaq üçün fəaliyyət göstərən, lakin həmişə də ikili mövqe sərgiləyən ATƏT-dən? Bir milyon qaçqınımız haqqında bir dəfə də olsun mövqe ortaya qoymayan İnsan Haqları İnstitutlarından? Ya Amerikada Prezident seçkilərində seçki məntəqəsinə 30 metrdən az yaxınlaşanda həbs edilən beynəlxalq təşkilatlardan?
Özlərini dünya dəyərlərinə sahiblənmiş hesab edən bu bəyanat sahibləri niyə Azərbaycanın öz milli təhlükəsizliyi naminə atdığı addımları beynəlxalq təşkilatlara yaxşı görünüb-görünməmək baxımından dəyərləndirirlər?  Azərbaycanın ərazi bütövlüyünə, bir milyon didərgin sakininə, dinc sakinlərin soyqırım aktarına göz yuman bu beynəlxalq təşkilatlara yaxşı görünməklə biz nəyə nail olacayıq?
Bu suallar açıqdır, bəyanat sahibləri cavablandıra bilərlər.
Azərbaycan dövləti bu gün qazandığı bütün uğurlarını müstəqil siyasəti, düşünülmüş addımları və cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edibdir. Bu işdə bizə o dedikləri beynəlxalq təşkilatlar ancaq maneələr yaradıblar.
Bu gün tam əminliklə demək olar ki, Azərbaycan dövləti  yalnız öz insanlarının təhlükəsizliyi, ərazi bütövlüyümüzün təmin olunması naminə çalışır. Bu şahidi olduğumuz hadisələr fonunda, müasir zamanımızda  ən doğru yoldur.

Hiç yorum yok:

Yorum Gönder