19 Mart 2013 Salı

“Bizim ən böyük silahımız səfərbərliyimizdir”


“Bizim ən böyük silahımız səfərbərliyimizdir”

Bildiyimiz kimi bu gün Azərbaycan dünyada terrorizmdən ən çox ziyan çəkən ölkələrdən biridir. Ötən gün ölkəmizdə keçirilən “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfransın bizim ölkəmiz üçün böyük dəyəri və əhəmiyyəti vardır. Ölkə Prezidenti cənab İlham Əliyevin
də Konfransın işinə qatılması bu mövzuya verilən önəmdən irəli gəlirdi.
Cənab Prezidentin çıxışı həm Konfrans iştirakçıları, həm də ictimaiyyət üçün vacib mesajlarla zəngin idi. Prezident öz çıxışını salamlamadan həmən sonra Azərbaycanın ərazi bütövlüyünü pozmuş, soydaşlarımıza qarşı saysız-hesabsız teraktlar həyata keçirmiş, soyqırımlar təşkil etmiş Ermənistanın üzərinə yönəltməsi Azərbaycan dövlətinin beynəlxalq aləmdən əsas tələbinin nə olduğunu bir daha ortaya qoydu.
Azərbaycan terrordan zərər çəkən dövlət kimi haqq-ədalətin bərpa olunmasını tələb edir, bunu üzv olduğu bütün beynəlxalq təşkilatlardan və söz sahibi olan dünya dövlətlərindən qətiyyətlə tələb edir.
Prezident öz nitqində bunu tam açıq şəkildə ifadə etdi: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə ən böyük hədələrdən biridir. Bu, dünyada ən böyük ədalətsizliklərdən biridir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlar da qətnamə və qərarlar qəbul etmişlər. Təəssüf ki, bütün bu qətnamələr kağız üzərində qalır. Bu məsələ beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. 
Prezidentin çıxışında digər önəmli məsələ Azərbaycanın informasiya terrorundan sığortalanması üçün gücünü artırmağa yönəlik addımların atılması istiqaməti idi. Bu gün hətta ən ətibarlı dünya mətbuatının səhifələrində belə ürək açmayan məqamlar vardır, bu qondarma qaranlıq tarixi faktların üzə çıxarılaraq yayılması və dünyanı dəhşətə salan terrorun islam dini ilə bağlanması cəhdləridir.
Bu məsələni qətiyyətlə pisləyən Prezident İlham Əliyev vurğuladı ki, “Terrorçuluğun nə dini, nə də milliyyəti vardır. Milli, eləcə də dini mənsubiyyətlərindən asılı olmayaraq, bütün bəşəriyyət terrorçuluqdan əziyyət çəkir. Fikrimcə, bu, daim diqqətdə qalmalı mühüm məsələlərdən biridir. Biz səylərimizi birləşdirmədən bu məsələni lazımi şəkildə həll edə bilməyəcəyik.
Prezident bu problemlə bağlı mümkün çıxış yollarını da Konfrans iştirakçılarının diqqətinə çatdırdı. Prezidentin irəli sürdüyü “səylərin birləşdirilməsi” və “multikulturalizmin inkişaf etdirilməsi” tezisləri bu təhlükələrin aradan qalxması üçün ən əsas faktorlar kimi göstərildi.
Düşünürəm ki, Azərbaycan Hökumətinin, BMT-nin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən bu Beynəlxalq Konfrans dünyanı sarsıdan terrora qarşı birgə mübarizədə atılan önəmli addımlardan biri oldu. Əlli dünya dövlətinin, iyirmi beynəlxalq təşkilatın qatıldığı bu Konfrans Ermənistanın bəşər əlehinə törətdiyi cinayədən bir daha xəbərdar oldu, Azərbaycanın terrorizmlə mübarizədə qətiyyətli mövqeyini bir daha gördü.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti və Hökuməti qarşısında dayanan ən böyük problemin – Qarabağ münaqişəsinin həllini bütün sivil yollarla mümkün etmək iqtidarındadır. Biz əminik ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ən böyük problemindən də tezliklə xilas olacaqdır.
Sərraf Balaxan
sbalaxan@gmail.com 




Hiç yorum yok:

Yorum Gönder