8 Ocak 2013 Salı

... 20 YANVAR ...


... 20 YANVAR ...

20 Yanvar – təqvimimizdə qara rənglə göstərilən tarix. Qara rənglə!
O rəng ki, Kazimir Maleviçin ağ kətana
çəkdiyi kvadratın içini doldurararaq müəllifinə ölməzlik gətirib.  Bu “qara kvadrat”a baxan hər kəs sanki fonda olan qara rəngin arxasında gizlənmiş nəyisə axtarır. Öz düşüncəsinə uyğun olaraq axtardığını tapır.
Mən “qara kvadrat”a hələ baxmamışam. Amma təqvimimizdəki qara xanada yazılmış “20 Yanvar” gününə 1990-cı ildən bəri baxıram. Hər baxanda da bu xananı bürüyən qara rəngin arxasında bunları görürəm:

-         Bərpa olunmuş müstəqilliyimizə açılan qapı.
-         Xalqımızın qəhrəmanlıq dolu tarixinin bir günü.
-         Millətimizin yaddaşına azadlıq mücahidlərinin qanı ilə yazılmış tarix.
-         Millətimizin kimliyini dünyaya tanıdan gün.
-         İşıqlı gələcəyimizə aparan yolun başlanğıcı.
-         Xalqın əsarət buxovuna qarşı qəhrəmanlıq nərəsi.
-         Labüdlüyün gerçək qanlı sonluğu.
-     Vətəni, xalqı üçün canını qurban verən qəhrəmanlarımızın ölümün gözünə düz baxdığı minlərcə gündən biri.
-  Torpağımıza, sərvətlərimizə göz dikən yadellilərə qarşı vətənimizin oğul və qızlarının sinə gərdiyi unudulmaz qış gecəsi.
-         Qəhrəman türk təbiətimizin qəsbkarlara bir daha sübutu.
-         Xalqı birliyə, həmrəyliyə səsləyən Tanrı imtahanı.
-         Qərənfilin ünvanının dəyişildiyi gün.
-         Axan qanına deyil, qanı axıdana dikilən təəccüb dolu baxışlar.
-         Ruhların yuvasından perik düşdüyü gün.
-         Ölümsüzlüyün şəhidlik qapısının açıq olduğu gün.
-         Şəhidlər günü.
-         ...
-         Qardaşım Dalğının 30 Yanvarda qeyd etdiyimiz doğum günü.
-         ...
                                                                            
      Sərraf Balaxan 
      sbalaxan@gmail.com   

Hiç yorum yok:

Yorum Gönder