DOĞMA QARABAĞIM
Azərbaycan Respublikası
Prezidenti yanında Gənclər Fondu Qarbağ həqiqətlərinin dünyaya çatdırılması,
yurd-yuvasından qaçqın düşmüş gənclərin problemlərinin həlli istiqamətində bir
çox layihələrə dəstək olmuşdur.
Belə layihələrin
növbətisi “Doğma Qarabağım” gənclərin
yaradıcılıq festivalıdır. Bu layihə
əsasən qaçqın məktəblərində oxuyan yeniyetmə və gənclərin Qarabağla bağlı
çəkdikləri rəsmlərin, hazırladıqları əl işlərinin ölkə ictimaiyyətinin və
ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların diqqətinə
çatdırılması işini həyata keçirəcəkdir.
Layihənin ideya müəllifi və
rəhbəri Sərraf Hüseynovun bildirdiyinə görə, layihənin
əsas məqsədi öz doğma torpaqlarından didərgin düşmüş yaradıcı və istedadlı
gənclərin üzə çıxarılması, onlara öz yaradıcılıq imkanlarını genişləndirmək
üçün dəstək göstərilməsi və bu gənclərin yaradıcılıq nümunələri vasitəsi ilə
Qarabağın tarixi Azərbaycan torpağı olmasını, Qarabağ münaqişəsində
Azərbaycanın haqq səsini festival iştirakçılarının və digər ictimaiyyət
nümayəndələrinin diqqətinə çatdırmaqdan ibarətdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi “Vətənpərvərlik olmadan heç bir ölkə
inkişaf edə bilməz. Vətən sevgisi, Vətənə və xalqa olan bağlılıq - inkişafı bu
amillər stimullaşdırır. Ona görə,
gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar” sözləri layihəmizin əsas qayəsini və sütununu
təşkil edir.
“Doğma Qarabağım” gənclərin
yaradıcılıq festivalı layihəsi erməni
qəsbkarları tərəfindən 20 ildən artıqdır ki, öz doğma yurd-yuvasından didərgin
salınmış istedadlı gənclərin yaradıcılığını nümayiş etdirmək, onların doğma
yurdlarına olan sevgisini və o torpaqlara dönmək istəyini ictimaiyyətə, xüsusən
ölkəmizdə fəaliyyətdə olan beynəlxalq təşkilat nümayəndələrinə, səfirliklərin
əməkdaşlarına təqdim etmək niyyətindədir.
Bakı şəhərində,
şəhərətrafı kəndlərdə, ölkəmizin regionlarında yaşayan bu gənclərin müəyyən
olunması, onların yaradıcılıq nümunələrinin toplanması, şeir və hekayələrin çap
edilməsi, bütün yaradıcı gənclərin
festivala gətirilməsi əsas görəcəyimiz işlərdir.
Məqsədimiz doğma
yurdundan qaçqın düşən bu gənclərin vasitəsi ilə ölkəmizdə olan xarici
nümayəndələrə Qarabağın əbədi və əzəli Azərbaycan torpağı olduğunu daha təsirli
şəkildə yenidən çatdırmaq, ölkə gəncliyini Qarabağa zəfər yürüşü əhval-ruhiyyəsində
saxlamaqdır.
Artıq Qərb soyqırıma
məruz qalan insan cəsədlərinə, kəsik başlara, qətl edilən körpələrin məsum
simasına baxmır. Bu məqamda əsas vasitə mədəniyyətdir. Bizim olan Qarabağ mədəniyyəti
ilə biz öz haqq səsimizi daha yüksəklərə ucalda, Qarabağın bizim doğma ata-baba
torpaqlarımız olmasını əsas söz sahiblərinə isbatlaya bilərik.
Gənclərimizin xüsusən
işğal altında olan torpaqlardan qaçqın düşən gənclərin milli ruhda tərbiyə
olunması çox vacib və aktual məsələdir. Bu mənada istedadlı gənclərin öz doğma
torpaqları haqqında yaratdıqları incəsənət nümunələrini nümayiş etdirmək,
onları bir araya gətirmək, yaradıcılıqlarını stimullaşdırmaq çox önəmli
məsələdir.
Düşünürük ki, layihəmiz yaradıcı
və xüsusi istedada malik olan gənclərin ictimaiyyət tərəfindən tanınmasına,
onlarda milli vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, öz üzərlərində daha
əzmlə çalışmalarına, yeni istedadaların üzə çıxmasına böyük dəstək olacaq,
onlara stimul verəcəkdir.
Hiç yorum yok:
Yorum Gönder