26 Nisan 2013 Cuma

Hər bir xəyanətkarın qarşısında biz varıq - Azərbaycan var!


Hər bir xəyanətkarın qarşısında biz varıq - Azərbaycan var!

Dünya dövlətlərində iqtisadi, siyasi, sosil və hətta mədəni-əxlaqi böhranın yaşandığı bir məqamda həm siyasi, həm də iqtisadi cəhətdən böyük uğurlara
imza ataraq, dünya dövlətlərini əməkdaşlığa, mədəni birliyə çağıraraq inkişaf edən Azərbaycan dövlətini qəbul etmək istəməyən qüvvələr bu gün bütün çılpaqlığı ilə öz niyyətlərini ortaya qoyublar. Hansısa vədlərə aldanan sapı özümüzdən olan baltalardan tutmuş, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinə, qərəz dolu beynəlxalq QHT-lərə qədər bu çirkin işlə məşğul olanlar vardır. Avropada yaşamaq istəyini vətənə, millətə xəyanət müqabilində reallığa çevirənlər, sifarişlər əsasında qərəz dolu gərəksiz informasiya yayan institutlar, hətta böyük güclərin bu niyyətləri hələ ki reallıq qarşısında zəif və acizdir. Düzgün strategiya üzrə inkişaf edən Azərbaycan hələ gələcək zamanlarda belə qüvvələrin daha çox narahatlığına səbəb olacaqdır.
Ötən gün Fransada bir qrup Azərbaycanlı mühacirin təşkil etdiyi aksiya da mənfi niyyətli insanların kimlərinsə diqtəsi ilə həyata keçirdiyi uğursuz addımdır. Bir müddət öncə belə bir aksiyanın keçirilməsi barədə Elnur Məcidli məlumat yayıb səbəb bildirmişdir. Əsas səbəb kimi Avropa Şurasının qış sessiyasında Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi alman deputat Kristof Ştrasserin hesabatının qəbul olunmaması göstərilmişdir. Bu səbəbdən aksiyanın keçirilməsi məntiqsiz və gülünc bir şeydir. Çünki haqqında bəhs edilən məruzəni məhz Avropa Şurasının Parlamentarları qəbul etməmişdir. Səsvermənin nəticələrinə baxanda görə bilərik ki, Qərbin aparıcı dövlətlərindən Almaniya istisna olmaqla, hamısı məruzəyə etiraz etmişdir və əlehinə səs vermişdir. Bunun nəticəsində AŞPA-da Azərbaycanda insan hüquq və azadlıqlarının təımin olunması ilə bağlı tutarlı sənəd qəbul edilmişdir. Bu da onu isbat edir ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur.
Buna görə də keçirilən etirazların da heç bir əhəmiyyəti olamayacaqdır. Çünki həqiqət artıq müəyyən edilib və qəbul olunub.
Bundan əlavə bu gün Azərbaycan dövlətinin yürütdüyü tam müstəqil siyasət Qafqazda böyük marağı olan Amerikanı da az qıcıqlandırmır. Bu səbəbdən də onlar əllərində olan bütün imkanları səfərbər ediblər ki, Azərbaycanın dünyada insan hüquq və azadlıqlarının qorunmaması ilə bağlı rəy formalaşdırsınlar. Onların bu məqsədlə atdığı addımlar öz siyasi strateji xəttinə sahib olan və öz inkişaf yolunu tutan Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki ikili yanaşmanın, qərəzin olduğu tam aydın duyulur. ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında sonuncu  illik hesabatında Azərbaycana kifayət qədər geniş yer ayrılıb.  Əsasən də mətbuat, sərbəst toplaşmaq, həbslər, məhkəmə prosesləri ilə bağlı qeyd edilən fikirlərin haradan ortaya çıxdığı tamamilə aydındır. Özlərinin maliyyələşdirdiyi müxalif QHT-lərin hazırladıqları, hökumətə deyil, hətta dövlətə belə şər, qarayaxma ifadələrlə doldurulmuş bu hesabatlar bir gün sonra zərrə qədər dəyəri olmayan kağız parçası kimi arxivlərə atılır, yandırılır.
Son hesabat xüsusilə də  subyektiv xarakterli bir mətndir. Çünki hər hansı ölkə ilə bağlı hazırlanan hesabatlar həmin dövlətin müxtəlif orqanlarının verdiyi informasiya əsasında hazırlanmalıdır. Burada isə məlumatın heç bir  tutarlı mənbəsi göstərilməmişdir. Əksər məsələlər isə hədsiz dərəcədə təhrif edilmiş formada qeyd olunmuşdur. 
Bütün bunlar onu göstərir ki, öz huquqi müstəqilliyini yaşayan və bu müstəqilliyin verdiyi imkanlardan maksimum istifadə edən Azərbaycan dövləti və bu uğurlu strategiyanı yüksək peşəkarlıqla həyata keçirən Prezident İlham Əliyev bizi əhatə edən güclərə yalnız milli maraqlarımızı diktə edir. Azərbaycanın öz milli maraqlarını hər zaman qoruması və buna sadiqliyi həm özümüzdən olan, həm də xarici qüvvələri heç zaman rahat buraxmayacaqdır.
Sərraf Balaxan

Hiç yorum yok:

Yorum Gönder